AMSTERDAMDA «GÖRMƏDİYİNİNZİ GÖRƏCƏKSİNİZ» KİTABININ TƏQDİMATI KEÇİRİLİB
Amsterdamda Azərbaycan mətbəxini niderlandlılara tanıtmaq istəyilə yazılmış «Görmədiyininzi görəcəksiniz» kitabının təqdimatı keçirilib.
tədbirə Niderlandın ayrı-ayrı yerlərində yaçayan çoxlu azərbaycanlı qatılıb. Muxtar Şəmsin aparıcılığıyla keçən tədbirdə kitabın yazarları – Lalə Məmmədova və Tofiq Hacili çıxış ediblər. T.Hacili kitabın yazılma səbəblərindən, materialların toplanmasından, kitabın ortaya gəlmə prosesində qarşılaşdığı problemlərdən, böyük çətinliklə başa gəlmiş bu Azərbaycan kitabının necə maraqla qarşılandığından, elə buna görə də az bir arada geniş yayıldığından danışıb.
Türk-Azərbaycan-Niderland Cəmiyyətinin başqanı İlhan Aşkın, Niderland Azərbaycan Mədəniyyət Mərkəzinin başqanı Samit Məmmədli, Ana Vətən Cəmiyyətinin başçısı Gülşən Kazımova, Niderland Azərbaycan Həmrəylik Cəmiyyətinin başçısı Elsevər Məmmədov, bir çox başqaları çıxış edərək kitabla, onun yaradıcılarıyla bağlı ürək sözlərini dilə gətiriblər.
Natiqlər bu nəşrin özəlliklərindən, dəyərindən söz açıblar, kitabı Azərbaycanı, azərbaycanlıları niderlandlılara tanıtmaq baxımından olduqca gərəkli saydıqlarını bildirərək yazarlara sayğılarını, xoş duyğularını yetiriblər.
Təqdimat mərasimini Niderland Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə sentyabrın 8-də keçirilib.
Tədbirə qatılanlar arasında Azərbaycanın Niderlanddakı elçiliyinin nümayəndəsi də olub.
Kitabı www.azeriunited.com saytında vərəqləmək mümkündür.
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ YAY MƏKTƏBİ AÇILMIŞDIR
Bakı Slavyan Universitetində Almaniyanın Bonn Universiteti ilə birgə layihənin - Yay məktəbinin açılışı olmuşdur.
BSU-nun rektoru, professor Kamal Abdullayev qonaqları salamlayaraq demişdir ki, bu gün universitetdə Yay məktəbi məşğələləri başlanır. Məşğələlərdə AFR-dən 20 tələbə Azərbaycan və rus dillərini öyrənəcəkdir. Onlar burada səmimi qarşılanmışlar və ailələrdə yaşayacaqlar ki, bu da praktik bilik toplamalarına kömək edəcəkdir. Rektor BSU-da yenicə açılmış alman dili bölməsinə daxil olmuş tələbələri də təbrik etmiş və ümidvar olduğunu bildirmişdir ki, iki ölkənin universitetləri arasında əlaqələr bundan sonra da inkişaf edəcəkdir.
Almaniyanın ölkəmizdəki səfiri Per Kristofer Stançina məmnunluqla bildirmişdir ki, iki ölkə arasındakı əlaqələr bütün sahələrdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf edir. Almaniyanın müxtəlif universitetlərindən olan tələbələrin iştirak etdikləri bu layihə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının daha bir göstəricisidir.
Layihənin Bonn Universiteti tərəfindən rəhbəri, Bakı Dövlət Universitetinin məzunu, professor Yeva-Mariya Aux demişdir ki, Bakıda işləmək ona xüsusi sevinc bəxş edir. O, layihənin məqsədindən danışmış, almaniyalı tələbələrin yaşayacaqları ailələrə minnətdarlığını bildirmişdir.
Layihənin BSU-dan olan əlaqələndiricisi Rəhilə Qeybullayeva vurğulamışdır ki, bu, tələbələrin bir-biri ilə ünsiyyət zamanı praktik biliklər əldə etmələri, təkcə Yay məktəbində məşğul olmaları üçün deyil, həm də BSU professorlarının mühazirələrini dinləmələri üçün gözəl imkandır.
Sonra tədbir iştirakçıları keramikaçı rəssam Fidan Muradəliyevanın sərgisi ilə tanış olmuşlar.
SUALTI ARXEOLOJİ TƏDQİQAT İŞLƏRİNƏ BAŞLANMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri namizədi İdris Əliyev AzərTAc-a bildirmişdir ki, bu ildən sualtı arxeoloji tədqiqat işlərinə başlanmışdır.
Abşeron yarımadasının Gürgan mayakı yaxınlağında sualtı kəşfiyyat işləri aparılmış, sahildən 150 metr aralıda yerləşən abidələr tədqiq olunmuşdur. Rəvayətlərə görə, XIV əsrin ortalarında dənizin qalxması nəticəsində suyun altında qalmış “Şəhri Gürgan” deyilən şəhər ərazisinin yeri təxminən təyin edilmişdir.
GORANBOYDA MODERN KİTABXANA VƏ MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ YARADILACAQ
Son illər Goranboy rayonunda mədəniyyət evləri və kitabxanaların fəaliyyətini gücləndirmək istiqamətində xeyli iş görülmüşdür. Təkcə bu il Meşəli kənd və Qızılhacılı qəsəbə mədəniyyət evləri və kitabxanalarının təmiri başa çatdırılmış, Səfikürd kənd musiqi məktəbində 8 otaqdan ibarət tədris korpusunun, Dəliməmmədli şəhərində mədəniyyət evi üçün yardımçı binanın tikintisinə başlanmışdır.
Rayon mədəniyyət şöbəsinin müdiri Gündüz Hacıyev AzərTAc-ın müxbirinə demişdir ki, bu yaxınlarda rayonun kənd və qəsəbələrində respublikamızda ilk dəfə olaraq, modern kitabxana və mədəniyyət mərkəzlərinin yaradılması üçün hazırlıq işlərinə başlanılmışdır. Yeni modern mərkəzlər fəaliyyətə başladıqdan sonra rayon sakinləri və qonaqlar internet vasitəsilə dünyanın müxtəlif ölkələrinin kitabxanaları və mədəniyyət evləri ilə birbaşa əlaqələr yarada biləcəklər.
“MÜASİR DEKORATİV XALQ TƏTBİQİ SƏNƏTİ” ENSİKLOPEDİYASI TEZLİKLƏ ÇAPDAN ÇIXACAQDIR
AzərTAc xəbər verir ki, YUNESKO-nun dəstəyi ilə Rəssamlar İttifaqında hazırlanan “Müasir dekorativ xalq tətbiqi sənəti” ensiklopediyası tezliklə nəşr olunacaqdır.
Ensiklopediyada xalq tətbiqi sənəti nümunələri, 120 rəssam haqqında məlumat toplanmışdır.
Azərbaycan və ingilis dillərində hazırlanan bu nəşrin təqdimatı Vəcihə Səmədova adına sərgi salonunda keçiriləcəkdir.
Ensiklopediyanın Rusiya, Fransa və Türkiyədə də nümayiş etdirilməsi planlaşdırılır. Bu nəşr uğurlu alınarsa, YUNESKO-nun dəstəyi ilə hər bir dekorativ sənət nümunəsi barədə ayrıca ensiklopediya nəşr olunacaqdır.
Nəşrin elektron variantı da hazırlanacaqdır.
“XXI ƏSRDƏ TƏHSİL YARADICI ŞƏXSİYYƏTLƏRİN GÖZÜNDƏ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AzərTAc xəbər verir ki, “Hyatt Regency” hotelində “XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tanınmış elm və mədəniyyət xadimlərinin, ali məktəb rektorlarının, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxış edərək, noyabrın 25-dən 28-dək YUNESKO-nun təşəbbüsü və təşkilatçılığı ilə Cenevrədə təhsillə bağlı konfrans keçiriləcəyini və orada bu sahənin inkişafı üzrə geniş müzakirələr aparılacağını diqqətə çatdırmışdır.
Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu xatırladan F.Abdullazadə, təhsilimizin beynəlxalq əlaqələrinin genişləndiyini bildirmişdir. Natiq eyni zamanda cəmiyyətin tərəqqisində təhsilin önəmli rolunu qeyd edərək, bu sahənin inkişafının əhəmiyyətini vurğulamışdır.
Təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilimizə və bu sahədə çalışanlara göstərdiyi diqqət və qayğıdan danışmışdır. Təhsil sistemində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan bəhs edən nazir bildirmişdir ki, bu sahəyə büdcədən ayrılan vəsaitlər 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manat olmuş, investisiya xərcləri isə 220 milyon manata çatmışdır.
Təhsillə bağlı 14 inkişafyönümlü dövlət proqramının təsdiq edildiyini diqqətə çatdıran nazir, 2007-2008-ci tədris ilində ilk dəfə olaraq dövlət səviyyəsində “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin keçirildiyini söyləmişdir.
M.Mərdanov demişdir ki, ötən il Bakı şəhərində son 20 ildə ilk dəfə olaraq 11 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, cari ildə isə 21 uşaq bağçasının əsaslı təmirinin başa çatdırılması və onların müasir avadanlıqla təchiz edilməsi nəzərdə tutulmuşdur. Son illərdə yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblərin sayı 1600-ü ötmüşdür. Daha 475 məktəb müasir avadanlıqla təmin olunmuş, 500-dən çox təhsil müəssisəsinin istilik sistemləri təmir edilmişdir.
“Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)” çərçivəsində 200 məktəbin genişzolaqlı sürətli internetlə təmin olunması, DATA mərkəzinin, elektron tədris resursları bazasının, vahid təhsil portalının yaradılması da nəzərdə tutulmuşdur.
Bu il məktəblərə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllimlər üçün dərs vəsaiti verilmişdir.
“2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı”na müvafiq olaraq ciddi ehtiyacı olan ucqar kənd məktəblərinə göndərilən müəllimlərin sayı 4800 nəfərə çatmış və növbəti ildə 1308 müəllimin ucqar kənd məktəblərinə göndərilməsi nəzərdə tutulmuşdur.
Bu il ali məktəblərə qəbul imtahanlarında məzunların nəticələrinin ötən ilə nisbətən xeyli yüksəldiyini qeyd edən nazir 600-dən çox bal toplayanların sayının 2004-cü illə müqayisədə 2 dəfədən çox artdığını, 6 nəfərin isə 700 bal topladığını bildirmişdir.
Son illərdə dünya fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında Azərbaycan məktəbliləri 13 qızıl, 18 gümüş, 50 bürünc medal qazanmışlar.
Təhsilimizin beynəlxalq əlaqələrindən bəhs edən M.Mərdanov diqqətə çatdırmışdır ki, bu gün Azərbaycan bu sahədə dünyanın 50-dən çox ölkəsi ilə əməkdaşlıq edir. 3 mindən çox azərbaycanlı gənc ayrı-ayrı ölkələrin ali təhsil müəssisələrində təhsil alır. Onların 900 nəfərindən çoxu xarici ölkələrdə Azərbaycan dövlətinin hesabına təhsilini davam etdirir. 6 mindən çox əcnəbi tələbə isə respublikamızın universitetlərində təhsil alır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq 100-dək azərbaycanlı gənc ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərində təhsil almağa göndərilmişdir.
Nazir ölkəmizdə ali və orta ixtisas, texniki peşə təhsillərinin inkişafı, informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsinə tətbiqi üzrə həyata keçirilən proqramların əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və digər natiqlər də mövzu ilə ilə bağlı fikir və mülahizələrini açıqlamış, yeni dərs ilində təhsil işçilərinə nailiyyətlər arzulamışlar.
Sonra geniş müzakirələr aparılmışdır.
“HEYDƏR ƏLİYEV. MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” KİTABININ 23-CÜ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
“Cənubi Qafqaz regionu Avropanın ayrılmaz hissəsidir. Mən Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyi ölkələrinin, Rusiyanın, Türkiyənin, Gürcüstanın, Ermənistanın və ATƏT-in marağı olan bütün digər üzvlərinin dövlət və hökumət başçılarına müraciət edərək, onları regionumuzun problemlərinin həlli üçün qətiyyətli fəaliyyət göstərməyə çağırıram. Mən Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının təsis olunmasını təklif edirəm. Belə bir pakt dövlətlərarası münasibətlərin və münaqişələri aradan qaldırmağın prinsipial əsaslarını təsbit etməlidir. Onun əsasında regiondan xarici qüvvələr çıxarılmalıdır. Regionu bölən ayırıcı xətlər aradan qaldırılmalıdır. Təcavüzə, etnik təmizləmələrə, separatçılığa və terrorizmə son qoyulmalıdır. Baş vermiş faktlar əsasında hərəkətlərə və ikili standartlara yol verilməməlidir. Belə bir pakt regionda sülh, sabitlik və təhlükəsizlik yaranmasına, Cənubi Qafqazın suveren, müstəqil demokratik dövlətlərinin iqtisadi tərəqqisinə və əməkdaşlığına gətirib çıxarardı. XXI əsrin astanasında beynəlxalq birliyin Cənubi Qafqazda uğurlu fəaliyyəti azad, bölünməz və təhlükəsiz Avropanın yaradılmasına mühüm töhfə olardı”.
Cənubi Qafqazda baş vermiş son hadisələri nəzərə alsaq, çox böyük uzaqgörənliklə və müdrikliklə deyilmiş bu sözlər “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin Azərnəşr tərəfindən yenicə çapdan buraxılmış 23-cü cildindən – ümummilli liderin 1999-cu il noyabrın 18-də İstanbulda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) zirvə görüşündəki nitqindən götürülmüşdür.
Nəşrin buraxılışına məsul Prezidentin İcra Aparatının rəhbəri akademik Ramiz Mehdiyevdir.
Ümummilli liderin 1999-cu il noyabrın 2-də Ankarada Beynəlxalq Atatürk Sülh Mükafatı Komissiyasının sədri, Atatürk Dil və Tarix Qurumunun rəhbəri professor Rəşad Gənclə söhbəti ilə açılan cilddə həmin ilin noyabr-dekabr aylarını əhatə edən materiallar – nitqlər, müsahibələr, təbriklər, bəyanatlar, müxtəlif səviyyələrdə görüşlər barədə hesabatlar toplanmışdır.
Ulu öndərin Rusiya hökuməti sədrinin birinci müavini Nikolay Aksyonenkonun başçılıq etdiyi nümayəndə heyəti, ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskudero, Azərbaycan yazıçılarının bir qrupu, Fransa Prezidenti Jak Şirak, Türkiyə Prezidenti Süleyman Dəmirəl, Avropa Komissiyasının sədri Romano Prodi, Almaniyanın federal kansleri Gerhard Şröder, ABŞ-ın keçmiş dövlət katibləri, dünya şöhrətli alim, xalqımızın böyük dostu İhsan Doğramacı və başqaları ilə görüşlərdə söhbətləri, Azərbaycan neftinin BTC kəməri ilə nəqlinə dair Azərbaycan, Gürcüstan və Türkiyə arasında İstanbulda sazişin imzalanması mərasimindəki, respublika ictimaiyyəti nümayəndələrinin ATƏT-in İstanbul zirvə görüşünün yekunlarına həsr olunmuş toplantısındakı, Türkiyədə keçirilən “Eroziya ilə mübarizə” həftəsinin açılış mərasimindəki, uşaqların beynəlxalq televiziya və radio günü münasibətilə keçirilən şənlikdəki nitqləri cilddə mühüm yer tutur.
Oxucular çoxcildliyin bu kitabında ümummilli lider Heydər Əliyevin xarici səfərləri, dövlət başçısı kimi fəaliyyətinin müxtəlif sahələri ilə bağlı materiallarla da tanış ola biləcəklər.
QLOBALLAŞAN DÜNYADA İNFORMASİYA HAMI ÜÇÜN
OANA İCRAİYYƏ KOMİTƏSİNİN BAKIDA KEÇİRİLƏN İCLASI BU MÖVZUYA HƏSR OLUNMUŞDUR
Aslan Aslanov
AzərTAc-ın baş direktoru
Sabah – sentyabrın 2-də AzərTAc-ın ev sahibliyi ilə Bakıda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının – OANA-nın İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclası işə başlayır.
Bu iclasın AzərTAc-ın təklifi ilə Bakıda keçirilməsi beynəlxalq aləmə hərtərəfli inteqrasiya yolu seçmiş müstəqil ölkəmizin ictimai həyatında mühüm hadisələrdən biridir. Çünki ilk dəfədir ki, OANA-nın prezidenti, İndoneziyanın Antara agentliyinin baş icraçı direktoru Əhməd Muxlis Yusuf, dünyanın bu qədər sayda ən tanınmış, nüfuzlu xəbər agentliklərinin, o cümlədən Türkiyənin, Rusiyanın, Yaponiyanın, Çinin, İranın, Koreya Respublikasının, Malayziyanın, Qazaxıstanın, Qırğızıstanın, Vyetnamın, Qətərin, Küveytin, Suriyanın, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmənin, ümumiyyətlə 21 ölkənin milli informasiya qurumlarının rəhbərləri və yüksək vəzifəli təmsilçiləri Azərbaycanın paytaxtına toplaşmışlar.
Eyni zamanda, Avropanın ən məşhur informasiya agentliklərinin daxil olduğu digər mötəbər regional qurumun – Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriyanın APA agentliyinin baş direktoru Volfqanq Vislozilin, Bolqarıstan və Fransanın, habelə İordaniyanın milli agentlikləri rəhbərlərinin də bizim dəvətimizi qəbul edərək Bakıya gəlməsi tədbirin əhəmiyyətini daha da artırmışdır.
Azərbaycan həqiqətlərini dünyada geniş yaymağı özünün fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirən AzərTAc beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi əhəmiyyət verir və bu sahədə xeyli işlər görülmüşdür. AzərTAc 2004-cü ilin sentyabrından OANA-nın üzvüdür. Onu da deyim ki, Azərbaycan MDB məkanında xəbər agentliyi bu nüfuzlu regional qurumda təmsil olunan dördüncü ölkədir. Həmin vaxtdan AzərTAc-ın informasiyaları OANA-nın xüsusi saytında yerləşdirilir və onlardan təşkilatın üzvü olan digər 32 ölkənin 38 informasiya agentliyi istifadə edə bilir. 2007-ci il dekabrın 12-də İndoneziyanın paytaxtı Cakartada OANA-nın 13-cü Baş Assambleyasında AzərTAc bu qurumun rəhbər orqanının - İcraiyyə Komitəsinin büro üzvü seçilmişdir. İcraiyyə Komitəsinin hazırkı iclasının Bakıda keçirilməsi haqqında qərar da həmin vaxt qəbul olunmuşdu.
AzərTAc-ın tarixində ən əlamətdar hadisələrdən biri də 2008-ci il aprelin 18-də Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul olunmasıdır. EANA Baş Assambleyasının Estoniyanın paytaxtı Tallinndə keçirilən iclasında AzərTAc-ın üzvlük məsələsinə dair səsvermə zamanı təşkilatın iclasda təmsil olunan 29 üzvündən 26-sı agentliyimizin namizədliyini dəstəkləmişdi. Beləliklə, postsovet məkanında İTAR-TASS və Ukrinformdan sonra AzərTAc EANA-ya qəbul edilmiş üçüncü informasiya agentliyi, təşkilatın sayca 31-ci üzvü olmuşdur.
Eyni zamanda, AzərTAc digər regional informasiya qurumlarının - Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), MDB-nin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) üzvü və təsisçilərindən biridir.
Bu il aprelin 30-u - mayın 2-də Bakıda Türkdilli Xəbər Agentlikləri Birliyi Baş Məclisinin VII iclası keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş bu iclasda Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, habelə Tatarıstanın, Başqırdıstanın, Krımın, Şimali Kiprin xəbər agentliklərinin rəhbərləri iştirak etmişlər. İclasda türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının roluna dair geniş müzakirələr aparılmış, yekun sənədi qəbul olunmuşdur. Həmin iclasda TKA-ya sədrlik AzərTAc-a keçmişdir.
İndiyədək AzərTAc İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), Rompres (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), Tanyuq (Serbiya), BELTA (Belarus), ATA (Albaniya), MTİ (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), Antara (İndoneziya) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalamışdır. Son vaxtlar bir neçə xəbər agentliyindən də müvafiq təkliflər almışıq.
Bütün bunlar deməyə əsas verir ki, AzərTAc artıq dünya informasiya məkanına çıxmışdır. Biz bunu son illərdə Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində dinamik inkişaf edən, regionun lider dövlətinə çevrilmiş müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinin bilavasitə nəticəsi kimi qiymətləndiririk.
Son illər AzərTAc-ın işi xeyli intensivləşmiş, informasiyanın həcmi on dəfəyədək artmışdır. Fasiləsiz rejimdə işləyən agentlik hər gün təxminən 400 min işarə həcmində xəbər və 30-40 fotoinformasiya buraxır. Hazırda Ankarada, Vaşinqtonda, Moskvada, Parisdə, Vyanada Kiyevdə, Tehranda, Tbilisidə, Orta Asiyada AzərTAc-ın xüsusi müxbirləri vardır və gələcəkdə başqa ölkələrdə də müxbir məntəqələrinin açılması nəzərdə tutulur.
Müasir Azərbaycanın həyatının bütün sahələrində baş verən köklü dəyişikliklər, Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən ölkəmizin uğurları barədə informasiyalar AzərTAc-ın kanalları ilə təkcə respublika daxilində deyil, həm də xaricdə geniş yayılır. Mövzular, janrlar, coğrafiya dəyişir, yalnız bir prinsip dəyişməz qalır. Bu, informasiyanın düzgünlüyü, dəqiqliyi, qərəzsizliyi və operativliyidir.
OANA İcraiyyə Komitəsinin Bakıda keçirilən iclası çox mühüm bir mövzuya həsr olunmuşdur. Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada hər bir kəsin informasiya almaq imkanının olması artıq zərurətə çevrilmişdir. Xüsusilə bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatizm, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə üzləşdiyi bir vaxtda obyektiv, qərəzsiz informasiyaya daha çox ehtiyac vardır. Məhz belə informasiya ala bilmək imkanı insanlara təkcə öz ölkələrində deyil, həm də ümumən dünyada baş verən hadisələri doğru-düzgün qiymətləndirməyə kömək edir. Bu isə, mən deyərdim ki, son nəticədə xalqların və ölkələrin bir-birini daha yaxşı tanımasına, onların yaxınlaşmasına xidmət edir. Əksinə, sivilizasiyalararası, konfessiyalararası dialoqun, Şərq ilə Qərb arasında dialoqun həmişəkindən daha aktual olduğu zəmanəmizdə qərəzli, həqiqətdən uzaq, təhrif olunmuş, insanların milli və dini hisslərini təhqir edən xəbərlərin KİV-lərdə yer alması yalnız və yalnız düşmənçiliyə, ekstremizmə rəvac verir.
OANA kimi nüfuzlu regional qurumun İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasında mövzu ilə bağlı çox səmərəli, konstruktiv müzakirələr, fikir mübadiləsi aparılacaq, qloballaşan dünyamızda ən çox tələbat olan və istənilən nöqtəyə inanılmaz sürətlə - saniyələr, dəqiqələr ərzində çatdırılan məhsulun, yəni xəbərlərin daha operativ, obyektiv, qərəzsiz hazırlanması və yayılması baxımından faydalı təkliflər, tövsiyələr səslənəcəkdir.
Mən hesab edirəm ki, bu cür beynəlxalq tədbirlər həm də xarici qonaqların ölkəmizi daha yaxından tanıması, respublikamızda gedən sürətli dəyişiklikləri öz gözləri ilə görə bilməsi üçün çox gözəl fürsətdir. Eyni zamanda, peşəkar fikir mübadiləsi aparmaq baxımından çox faydalıdır. Ümidvaram ki, OANA İcraiyyə Komitəsinin iclası çox geniş bir coğrafiyanı əhatə edən ən müxtəlif ölkələrin xəbər agentlikləri arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcəkdir.
Fürsətdən istifadə edərək, qonaqlarımızı paytaxtımız qədim Bakıda salamlayır, burada olduqları günləri xoş keçirmələrini arzulayıram. Əminəm ki, onlar ölkəmizdən ən yaxşı təəssüratla ayrılacaqlar.
HEYDƏR ƏLİYEV FONDU BU İL ÖLKƏNİN BÜTÜN BİRİNCİ SİNİF ŞAGİRDLƏRİNİ ÖZ TÖHFƏSİ İLƏ SEVİNDİRƏCƏKDİR
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondu bu il ölkənin bütün birinci sinif şagirdlərini öz töhfəsi ilə sevindirəcəkdir. Artıq Fondun xüsusi sifarişi əsasında hazırlanmış 130 min çanta və dərs ləvazimatı ölkənin bütün təhsil ocaqlarına, o cümlədən lisey və internat məkrtəblərinə təqdim olunmuşdur.
“Təhsilə dəstək” layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və dərs ləvazimatının paylanması Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq Fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir. Ötən il bir sıra xarici ölkələrdə - Rusiya Federasiyasında, Hollandiyada, Türkiyədə, Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə hədiyyə almışlar.
2008-2009-cu dərs ili ərəfəsində həyata keçirilən aksiyanın miqyası isə daha genişdir. Bu aksiya bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə paylanacaq çantaların sayı 130 minə bərabərdir. Hər çantaya 16 adda məktəb ləvazimatı qoyulmuşdur.
“Təhsilə dəstək” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan 140 adda plakat Azərbaycanın bütün ümumtəhsil məktəblərini əyani vəsaitlə təmin etməyə imkan verəcəkdir. Hazırlıq prosesi bir il əvvəl başlamış, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işçi qrupu yaradılmış, xarici ölkə və yerli mütəxəssislərlə məsləhətləşmələr aparılmışdır. Hazırlanan plakatlar Təhsil Nazirliyi tərəfindən təstiq olunmuşdur. Tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə müxtəlif fənlər üzrə hazırlanan plakatın hər birində 10 min nüsxə olmaqla 1 milyon 400 min ədəd plakat çap edilmişdir. Plakatlar respublikanın bütün regionlarını əhatə edən ümumtəhsil məktəblərinə paylanacaqdır.
Heydər Əliyev Fondu ölkəmizdə yasayan milli azlıqların təhsilinin inkisafına da diqqət və qayğı ilə yanaşır. 2006-cı ildə Heydər Əliyev Fondu “Təhsilə dəstək” layihəsi çərçivəsində Qax rayonunun Qax-İngiloy kənd orta məktəbinin 1-2-ci sinif şagirdlərinə gürcü dilində nəşr edilən yeni dərsliklər və məktəb ləvazimatı paylamışdı. Fondun bu cür təşəəbbüsləri növbəti illərdə daha geniş miqyas almışdır.
“Təhsilə dəstək” layihəsi məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulmasını da nəzərdə tutur. Layihə çərçivəsində bölgələrdə və Bakı kəndlərində uşaq bağçaları əsaslı təmir olunaraq, müasir avadanlıqla təchiz edilmişdir. Bu istiqamətdə yenidən qurulan uşaq bağçalarından biri Binə qəsəbəsində yerləşir. Əsaslı təmirdən sonra istifadəyə verilən bağça balacaların intellektual inkisafına kömək edən müxtəlif əyani vəsait, kitab və digər müasir avadanlıqla təmin olunmuşdur.
Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Fondun bu istiqamətdəki fəaliyyətinin cografiyası gündən-günə genişlənir. Artıq beynəlxalq aləmdə də nüfuzlu bir qurum kimi tanınan Fond xeyriyyəçilik missiyasını bir neçə ölkədə də uğurla davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, Fond tərəfindən də böyük yardım edilməsini soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayır.
Rusiyanın paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı xüsusilə qeyd olunmalıdır. Burada Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın ardıcıl fəaliyyəti diqqəti cəlb edir.
2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Fondun diqqətindən kənarda qalmamış, məktəbə kompyuter dəsti və dərs vəsaiti göndərilmişdir.
2008-ci ilin fevralinda isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, istifadəyə verilmişdir. Təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqla təmin olunmuşdur.
Rusiyanın “Puşkin kitabxanası” Fondu ilə qurulan əməkdaşlıq da ölkəmizdə elm, təhsil və mədəniyyətin inkisafına yönələn dəyərli hadisədir. Rusiyada son illər nəşr edilən müxtəlif elm sahələrinə aid 4 min kitab, 800 dərslik Fondun və şəxsən Mehriban xanımın təşəbbüsü ilə respublikamızın ali məktəblərinə təqdim edilmişdir.
Təhsil sahəsində Fondun ən böyük və irimiqyaslı işi olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla davam edir. 2008-2009-cu tədris ili üçün Fondun təşəbbüsü ilə ölkə ərazisində yeni məktəb binaları inşa olunmaqla layihə çərçivəsində tikilən məktəblərin sayı 237-ə çatdırılmışdır.
“XX ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATI MƏSƏLƏLƏRİ” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
AzərTAc xəbər verir ki, “Elm” nəşriyyatında “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” kitabı çapdan çıxmışdır.
Müəlliflər kollektivi tərəfindən hazırlanmış bu nəşrdəki məqalələrdə XX əsr Azərbaycan poeziyasının klassiki Səməd Vurğunun yaradıcılığı fonunda ötən əsrin poetik irsinin müasir dövrdə dərkinin nəzəri-estetik problemləri təhlil olunmuşdur.
Kitabın redaktoru filologiya elmləri namizədi Şirindil Alışanlıdır.
ÜZEYİR MUSİQİ GÜNÜ KEÇİRİLƏCƏKDİR
AzərTAc xəbər verir ki, sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş Üzeyir Musiqi Günü keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bunun üçün xüsusi proqram hazırlanmışdır.
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında MDB ölkələri Gənclər Simfonik Orkestrinin konserti keçiriləcək, Fəxri Xiyabanda görkəmli siyasət və mədəniyyət xadimlərinin məzarları ziyarət olunacaqdır.
Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününün təntənəli açılışında Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin iştirakı ilə konsert təşkil ediləcəkdir.
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan bəstəkarlıq məktəbinin 100 illiyinə həsr olunmuş «Azərbaycan bəstəkarlıq irsinin tədqiqi–dünən və bü gün» mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.
Musiqi bayramı günü Üzeyir Hacıbəyovun ev-muzeyində bəstəkara həsr olunmuş tədbir də təşkil ediləcəkdir.
Həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bayram ab-havası hökm sürəcəkdir. Burada Ü.Hacıbəyovun “Koroğlu” operasının tamaşası ilə yeni teatr mövsümü start götürəcəkdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı isə Ü.Hacıbəyovun “O olmasın, bu olsun” tamaşası ilə yeni teatr mövsümünü açacaqdır.
Sentyabrın 17-dən 19-dək respublikanın klub və mədəniyyət evlərində, muzey və kitabxanalarında Üzeyir Musiqi Günü münasibətilə tədbirlər keçiriləcək, Ü.Hacıbəyova və Azərbaycan musiqisinə həsr olunmuş bədii və sənədli filmlər nümayiş olunacaqdır.
Dahi bəstəkarın doğulduğu Ağcabədi rayonunda Üzeyir Hacıbəyov adına parkın və Qarabağ Muğam Mərkəzinin açılışı da sentyabrın 18-də baş tutacaqdır.
ZAQATALADA DAHA BİR MƏDƏNİYYƏT OCAĞI İSTİFADƏYƏ VERİLMİŞDİR
Zaqatala Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 3-də rayonun Car kəndində yeni mədəniyyət evi açılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov tikinti-quruculuq işləri barədə məlumat vermiş, əhalinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtının mənalı və səmərəli təşkili sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, ötən əsrin 60-cı illərində istifadəyə verilən bu mədəniyyət ocağı 1993-cü ildə baş vermiş yanğın nəticəsində yararsız vəziyyətə düşmüşdü. Mədəniyyət evinin binası daxili imkanlar hesabına tamamilə yenidən tikilərək sakinlərin istifadəsinə verilmişdir.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılan şəraitlə tanış olmuşlar.
Tədbir mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin maraqlı konsert proqramı ilə başa çatmışdır.
“RƏFİBƏYLİLƏR” SƏNƏDLİ FİLMİNİN ÇƏKİLİŞLƏRİNƏ BAŞLANILMIŞDIR
AzərTAc xəbər verir ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Rəfibəylilər” sənədli televiziya filminin çəkilişlərinə başlanılmışdır.
Film xalqın maarifləndirilməsində, erməni qəsbkarlarından müdafiəsində və Xalq Cümhuriyyətinin yaranmasında müstəsna xidmətlər göstərmiş Rəfibəylilər nəslinin parlaq nümayəndələrinə həsr olunmuşdur.
Sənədli filmdə sağlığında «Millət atası» adına layiq görülmüş Ələkbər Rəfibəylinin, milli hökumətimizin ilk səhiyyə naziri olmuş Xudadad Rəfibəylinin, 1919-1920-ci illərdə Əsgəran ətrafındakı döyüşlərdə şücaət göstərmiş Milli Ordunun alay komandiri, Türkiyədə paşa rütbəsinə yüksəlmiş ilk azərbaycanlı zabit Səməd Rəfibəylinin və Gəncədəki gimnaziyanın ilk azərbaycanlı rəhbəri Cavad Rəfibəylinin ömürlərinin ən maraqlı anları xatırlanacaqdır.
Çəkilişlər Bakı, Gəncə, Şəmkir və Hacıkənddə aparılır.
Filmin ssenari müəllifi Xanlar Bayramov, rejissoru Şahəddin Mayıloğlu, operatoru Nəriman Şıxəliyevdir.


