Musiqi xəbərləri və qalmaqalları
Alim Qasımov: “Yaponların muğama qulaq asıb ağlayacağını gözləmirdim”
Azərbaycanın xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə iyulun 13-21-də Yaponiyanın Osaka və Tokio şəhərlərində konsert proqramı ilə çıxış edib.
Xalq artisti bu konsertin yaradıcılığında yeni bir mərhələ olduğunu bildirib: “Minillik mədəniyyəti olan Uzaq Şərqdə Azərbaycan muğamlarının necə qarşılanacağı özüm üçün də maraqlı idi. Açığı, alqışlar gözləyirdim, amma yaponların ağlaması heç ağlıma gəlməzdi. Onlar öz hisslərini büruzə verməyi xoşlamayan xalqdır, heç yaslarında da ağlamırlar,
amma bizim xalq mahnılarımızı, muğamları heyrətlə, göz yaşları ilə qarşıladılar”. Gündoğan ölkədə səhnənin və akustikanın fərqliliyi isə xanəndəni heyrətləndirib: “Səhnədə özümü doğma bir aurada, çox rahat hiss etdim. Texniki tərtibat yüksək səviyyədə idi, ilk avazdan elə bil səsim də açıldı. Musiqimizin Avropada, ABŞ-da təsirini görmüşdüm, amma Yaponiya konserti sanki bir möcüzə idi. Konsertdən sonra yaxınlaşıb tara, kamançaya qiymətli bir əşya kimi baxırdılar”. A. Qasımov bu konsertin biletlərinin 2-3 ay əvvəl satıldığını söyləyib: “Qiymətlər də çox baha olub, amma hamısı satılıb. Azərbaycanın Yaponiyadakı səfiri üçün yalnız bir bilet əldə etmək mümkün olub, onun ailəsi də heç konsertdə iştirak edə bilməyib”. Onu da qeyd edək ki, xanəndənin gələn il Yaponiyada böyük konsert proqramı nəzərdə tutulub.
«Unformal» qrupu festivala hazırlaşır
Bizim gənclər Ukrayna dilində "Dəniz" mahnısı oxuyacaq
Azərbaycanın tanınmış «Unformal» rok-qrupu sentyabr ayında Ukraynada keçirilən «Rock siege» festivalında iştirak etməyə hazırlaşırlar. Ənənəvi festivalda bütün ukraynalı və xaricdən olan rokkerlər toplanacaq. Bundan əlavə qonaqsevər təşkilatçılar festivalın bütün xərclərini öz üzərlərinə götürüblər. Musiqiçilərdən birinin verdiyi xəbərə görə, adıçəkilən festivalda xarici rokerlər heç olmasa bir dənə Ukrayna dilində mahnı ifa etməlidirlər. Bizim «Unformal» qrupu «Dəniz» mahnısını artıq Ukrayna dilində hazırlayıb. Hazırda isə dəvət gözləyirlər.
Karla Bruni sevgililərinin sayını açıqladı
![]() |
Fransa prezidentinin xanımı, keçmiş fotomodel və müğənni Karla Bruni son albomunda yer alan “mənim 30 sevgilim olub” sözləri ilə bağlı tənqidlərə cavab verib. Lent.az-ın məlumatına görə, “Paris Match” jurnalına müsahibə verən birinci ledi gəncliyində çılpaq şəkillər çəkdirməsinə də aydınlıq gətirib.
Xatırladaq ki, iyulun 11-də Karla Bruninin üçüncü solo albomu işıq üzü görüb. Fransanın birinci ledisi albomundakı mahnılardan birində oxuyur: “Mən 40 yaşıma çatmağıma və 30 sevgilim olmasına baxmayaraq, hələ də körpəyəm”.
Bruni müəllifi olduğu sətirlərə aydınlıq gətirməyə məcbur olub: “Bu sətirlər qafiyə üçün yazılıb. “Otuz” sözü “on beş” sözündən daha uyğun gəlir. Mən mahnı yazanda həyatımdakı hadisələri saymıram. Ancaq həyatımı necə gördüyümü yazıram. Mən mahnını və sözləri birləşdirməyə çalışıram. Bu sətirdəki “otuz sevgili” sözü də qafiyəyə uyğun gəlir. Mahnı yazan zaman insanların nə düşünəcəyini fikirləşmirəm. Əks halda, əlimə qələm almazdım”.
Karla Bruni vaxtilə jurnalların üz qabığında çılpaq şəkillər çəkdirməsinə də haqq qazandırmağa çalışıb. Birinci ledi bildirib ki, hətta gənclik illərində belə qalmaqallı “Seks” kitabında çılpaq şəkillərini dərc etdirən Madonna kimi riskə getməyi sevməyib: “Birincisi, mən gənc olmuşam. İkincisi isə model kimi çalışmışam. Mənim işim geyim göstərməkdi və bu çox gözəl idi. Öz geyimlərimi isə şərh etməyə hazırlaşmıram”.
“Paris Match” qeyd edir ki, Fransa prezidenti Nikolya Sarkozi ilə ailə qurana qədər Bruninin həqiqətən də xeyli sevgilisi olub. Onların arasında Britaniya rokunun Mik Caqqer, Erik Klepton kimi ulduzlarını, Fransanın keçmiş baş naziri Loren Fabiusu və digər məşhurları göstərmək olar.


