Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

"Alma" qəzetinin art-infoları

 

Fridrix Nitsşenin Azərbaycan dilində kitabı nəşr olunduFridrix Nitsşenin Azərbaycan dilində kitabı nəşr olundu

“Fikir Antologiyası" seriyasından növbəti kitab

QayNar: “Zəkioğlu” nəşriyyatı "Fikir antologiyası" seriyasından Fridrix Nitsşenin “Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi” kitabını buraxıb. Nəşrə dahi alimin “Yolçu və kölgəsi” əsəri də daxil edilib.
Nəzəri-fəlsəfi əsər olan “Hakimiyyət əzmi”ndə filosof qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişləndirən fikirləri çox qabardır. Burada nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, hökmranlıq, güc, habelə ideal, reallıq, zəiflik və s. kimi məsələlər, kateqoriyalar geniş fəlsəfi şərhini tapmışdır.


Üç kitabdan ibarət əsərdə Avropa nihilizmi araşdırılır, əxlaqi qiymətlərin yaranmasından, əxlaqi idealdan, filosofların həqiqəti və yalanından, təbiətdə hakimiyyət əzmindən söz açır, fəzilətin üstünlüyünü necə təmin etməli sualına cavab verir, idrakın və məntiqin mənşəyinə nüfuz edir, şüur haqqında fikirlərini bölüşür.
“Tam olmasa da, imkan dərəcəsində bütün zəruri tələbatlarını ödəmək ruh və şəxsiyyət azadlığına can atma əlamətidir. Lakin çoxlu izafi tələbatlarını mümkün qədər çox təmin etmək cəhdi artıq qeyri-azadlığa dəlalət edir”, “Həqiqətin xoşagələn bir formada deyilməsi heç də hamının xoşuna gəlmir, lakin qoy heç kəs fikirləşməsin ki, xoşagəlməz tərzdə deyildikdə yanlışlıq həqiqət ola bilər”. Hər iki sitat qeyri-adi düşüncə tərzinə malik filosofun “Yolçu və kölgəsi” əsərindən götürülüb. Əsər 350 belə aforizmdən ibarətdir.
Dünya fəlsəfəsi korifeylərinin əsərlərindən ibarət 100 cildlik “Fikir antologiyası” seriyasından bu səkkizinci kitabı rus dilindən Şakir Qurbanov və Yusif Rəhimoğlu çeviriblər.
Layihənin redaktoru Qardaşxan Əzizxanlıdır.

T.İsmayılov, QayNar

Azərbaycanlı rejissor Məkkədə bədii film çəkəcək

Azərbaycanlı rejissor Məkkədə bədii film çəkəcək Bir qrup tanınmış kino xadimi- başda gənc rejissor Samir Kərimov olmaqla «Ziyarət» filminin çəklişlərinə hazırlaşırlar. Film dövlət sifarişi ilə çəkiləcək. «Film iki əks xasiyyətli insanlardan bəhs edir. Onlardan biri çox dindar, digəri isə içən, çəkən, qumar oynayan insandır. Lakin filmin sonunda onlar dost olur»,- bu sözləri Samir Kərimov söyləyib. Ümumi layihənin bədii rəhbəri Rüstəm İbrahimbəyov, ssenari müəllifi rejissor, ssenariçi Yavər Rzayevdir. Rejisorun fikirlərinə görə, «Ziyarət» filminin çəkişləri Məkkədə baş tutacaq. «Tezliklə biz seçimə başlayacağıq. Baş rolu ifa etmək üçün gənc akytorlar dəvət olunacaq. Onlar ya yeni başlayanlar, ya da teatr aktyorları da ola bilər. Bir sözlə tamaşaçılar üçün bu aktyorlar yeni olacaq»-, Samir Kərimov sözlərinə əlavə edib.
«Ziyarət» filminin çəklişləri gələn il başa çatacaq. Bu, S.Kərimovun artıq ikinci tammetrajlı filmidir. Buna qədər isə o, «Sirat körpüsü» filmini lentə almışdır. Bundan əlavə o, «Kəpənək qanadları» işi ilə «Bu meydan, Bu ekran» qısa metrajlı film müsabiqəsinin qalibi olub. 

 Trend

Peşəkar kino haqda hər şey
   "Fokus"un siftəsi köşklərdə!
   
   Ölkədəki kinoprosesi işıqlandıran, mətbuata "kino" mövzusunu gətirən, kinonun və kino adamlarının qəzeti olan "Kino+" fəaliyyətini dayandırandan, daha doğrusu, "Mədəniyyət" qəzetinə birləşəndən sonra belə bir jurnalın yaranmasına ehtiyac böyük idi. "Fokus"un yaradıcı heyəti kinoman və ya adi oxucu üçün elə də yad adamlar deyil. Kinorejissorlar Əlisa Cabbarov, Asif Rüstəmov, kinoşünas Aygün Aslanlı, publisistlər Nərmin Kamal, Qan Turalı, Sevda Sultanova hamımızın yaxşı tanıdığımız, yaradıcılıqlarına bələd olduğumuz admlardır. Və onların təqdimatındakı kino jurnalı da orijinal bir nəşr gözləyənləri məyus etmədi. Burada kino haqda hər şey var. Məşhur kino adamlarının nəzəri məqalələri, yerli kino adamları ilə müsahibələr, yerli kinoşünasların analizləri, orijinal tərcümələr, kino ilə bağlı yaradıcı və biznes layihələr, rubrikalar, kino-lüğət və s. Bir sözlə, əsl kinomanın zövq alacağı bir dərgi.
   "Fokus" analitik kino jurnalını oxuyun!
   Bəhruz

Akutaqavanın ölümqabağı məktubları tapılıb
   Məşhur yapon yazıçısı Rünesko Akutaqavanın ölümündən əvvəl altı məktub yazdığı məlum imiş. Bu məktublardan ikisi tapılmış və dərc olunmuşdu. Amma uzun illər idi ki, qalan dörd məktubdan xəbər yox idi. Ehtimal var idi ki, bu məktublar yazıçının öz xahişi ilə məhv edilib. Ancaq bu günlərdə həmin məktublar onun nəvələrinin Tokiodakı evindən tapılıb. Akutaqavanın nəvələri həmin məktubları paytaxtdakı "Müasir Yapon ədəbiyyatı muzeyi"nə təhvil veriblər. Qeyd edək ki, bu dörd məktubun ikisini yazıçı arvadına, birini uşaqlarına, digərini isə yaxın dostu Kanu Kikuçiyə yazıb. Uşaqlarına yazdığı məktubda Akutaqava heroqliflərlə bu sözləri qeyd edib: "Yaddan çıxarmayın, həyat ölümə aparan döyüşdür!"

Markesin Sülhəddin Əkbəri
   Əvvəla mən bütün ədəbi mühiti "Alatoran" dərgisinin yeni sayının işıq üzü görməsi münasibətilə təbrik edirəm. Doğma dərgini vərəqləyəndən sonra usdufca bir ah çəkərək, bir şeyin fərqinə varıram - bu yüz altmış səhifəlik nəşrdə adamın gözünü sevindirən yeganə mətn "Böyükfırat lahmacun"unun reklam mətnidir. Amma nə yazıq ki, başqası, sadəcə olaraq, yoxdur.
   
   Mən jurnaldakı əsərləri bir-bir saf-çürük etmək niyyətindən bilmərrə uzağam. Amma bu dərgidə ənənəvi olaraq gözdən qaçırmadığım yeganə mətn Azad Yaşarın tərcümələri olur. Azad bəy bu "tərcümə" sözünə həddən artıq həssaslıqla yanaşdığından tezcə də səhvimi düzəldirəm - Azad Yaşarın çeviriləri. Bəri başdan tərcüməçinin (bağışlayın, çevirmənin) qanını qaraltmayaq. Onsuz da çox döşəyəcəyik qabırğasına.
   Azad bəyin tərcümələrini (bağışlayın, çevirilərini) oxuyan gündən bircə qənaətim var - onun tərcümələrini (bağışlayın, çevirilərini) çevirdiyi dil hər nədirsə, o dildən təzədən Azərbaycan türkcəsinə çevirmək lazımdır. Və Azad bəyin olduqca naşılıqla qurduğu cümlələri təzədən malalamaq, rahatlamaq, sözləri yerbəyer eləmək… Amma indiyə qədər birtəhər dözmək olardı. Ta ki…
   Deməli dərginin bu sayında Azad bəy mənim dəhşət sevdiyim yazıçının - Qabriel Qarsia Markesin bir hekayəsini tərcümə edib.
   Markesi rus dilində oxuyan hər ortabab oxucu onun dilinin zənginliyindən, təmizliyindən, rahatlığından xəbərdardı. Markesin qəhrəmanlarının qısa dialoqlarından özünü öldür, bircə kəlməni çıxara bilməzsən. Dili hiss etmək məsələsində ən həssas adamlardan biri olan Şərif Ağayar demişkən "kəl sözü otuzdurur eee!!!".
   Keçək Markesin Azad Yaşar variantına.
   Təxminən 5-6 min işarəlik hekayədə az qala hər cümlədə sözlərin yeri dəyişikdir, cümlə narahatdır, mətn adamın dilinə-dişinə ilişir. Amma bunlar daha çox redaktorun qüsurudur, tərcümənin yox. Bizsə Azad bəyin tərcüməsindən (bağışlayın, çevirisindən) danışırıq.
   Hekayənin əvvəlində nənə Minaya onun donunun taxma qollarının yerini deyir: "Onlar yuyunma otağındadırlar". "Yuyunma otağı"! Bilirik, Azad bəy mətni ruscadan çevirib ki, o mətndə də bu söz "kupalnya" kimi işlənib. Düzdür, ola bilər ki, kolumbiyalılar yuyunduqları yerə "hamam" demirlər, onlarınkı doğrudan da "yuyunma otağı"dı. Rus dilindəki tərcümə - "kupalnya" uğurludur, çünki rus dilində bu söz var. Amma azərbaycan dilində "yuyunma otağı" ifadəsi yoxdur. Ola bilər, bunu tərcüməçi mətni çevirərkən yazıçının dilindən belə tərcümə eləsin. Amma obrazın dilindən "yuyunma otağı" ifadəsini işlətmək məncə, olduqca ehtiyatsız hərəkətdir. Qoca nənənin dilində bu söz uzaqbaşı belə işlənərdi: "Çimdiyimiz yerdədi…".
   Sonra. Mina nənəsinə deyir: "Bir daha mənim əşyalarıma toxunma!" Amma mən nənəmə belə deyərdim: "Bir də mənim şeylərimə toxunma!" Hələ bir az da fikirləşsək, "toxunma"nı, "dəymə!" ilə əvəzləmək olar.
   Mina nənəsinə deyir: "Sənin sayəndə oldu!". Şəxsən mən nənəmlə belə qəliz danışmazdım. Nənəmə belə deyərdim: "Sənin ucbatından oldu!" Özü də kağızdan gül düzəldən Minadan fərqli olaraq ali təhsil gördüyüm halda…
   Nənə Minaya deyir: "Səhər sən ayaqyoluna iki dəfə baş çəkdin". Məncə, adam xəstəyə "baş çəkər". Ayaqyoluna isə adam uzaqbaşı "girər". Düzdü, bu o qədər də dəhşətli səhv deyil, amma Markesin hekayəsini çevirərkən oradakı bir sözü "gedərayaq" kimi gözəl enerjisi olan, mətnə oturan sözlə əvəzləyən Azad bəy gərək belə səhvə yol verməyəydi.
   Azad bəy mətni tərcümə edərkən, (oy, bağışlayın, çevirərkən) Minanın donunun qollarını "taxma qollar" kimi çevirməsində bir zərər yoxdu. Taxma qolu elə "taxma qol" kimi çevirmək olar. Amma Minanın nənəsi qızın anasına Minanın kilsəyə getməməyinin səbəbini izah edəndə, "bugünkü günün müqəddəs cümə olduğunu unutduğum üçün mən onun donunun taxma qollarını suya çəkmişəm" deməsi gülməlidir. Yəni qarı bunu qadına izah edərkən donunu qollarının "taxma" olmasını qeyd etməyi yersizdir. Əgər latın amerikasında qadınlar taxma qolları olan don geyinirlərsə, qarı "donun qollarını suya çəkmişəm" də deyə bilər. "Taxma"nı deməsə də, ana söhbətin hansı qollardan getdiyini biləcək.
   Eyni şeyi Minanın dilindən işlədilən "yapma qızılgül" sözünə aid etmək olar. hekayənin adının "süni güllər" yerinə "yapma güllər" kimi çevirilməsinə etirazımız yox. Nə olar, dilimiz qoy bir az təmizlənsin. Amma "yapma gül" sözünü Minanın işlətməyi lazım deyil. Anasına və nənəsinə "yapma gül düzəltməliyəm" deməsi ciddi dil qüsurudur. Adından məlum olduğu kimi, gül "yapma"dır. Onu "düzəltməyin" lazım gəldiyi onsuz da aydındır. Mina ya "gül düzəltməliyəm" deməli idi, ya da ki "gül yapmalıyam". Aydındı ki, gülü yapırsansa, ya da düzəldirsənsə o, artıq təbii ola bilməz. O ya yapmadır, ya da düzəltmə gül.
   Hekayənin axırında nənə Minanın fırıldağını tutur və bunu onun üzünə vurur: "Sənin bazar günü kilsəyə getməməyin də bundan qaynaqlanır". Bu lap ağ oldu! "Qaynaqlanır" nədi? Siz ağzında bir dişi qalan, kor, qarabağlılar demiş "mütəfin" bir qarının "qaynaqlanır" sözü işlətməyini təsəvvür edirsiniz? "Qaynaqlanır" sözünü danışığında bu avaragor kolumbiya qarısı yox, məsələn, Liberal Partiyasının sədri Lalə Şövkət işlədər. O da rəsmi nitqində.
   Nənə isə "pataloku" nəvəsinə deyər ki: "Sən buna görə kilsəyə getmədin".
   Hələ bu da axırı deyil. Tərcümənin pik nöqtəsi, dadı-tamı, duzu-istiotu, zəfəranı-sarıkökü hekayənin sonundadır. Mina ayaqyoluna niyə iki dəfə getdiyini nənəsinə ən kobud şəkildə izah edəndən sonra qarı fırıldağı "yemədiyini" nəvəsinə belə izah eləyir: "Əgər indiyədək səndən buna oxşar hər hansı kobud söz eşitsəydim, buna inanar və bunu normal bir səbəb kimi dəyərləndirərdim…".
   Afərin! Eşq olsun! Super! Nənə deyil eee, ictimai-siyasi xadimdir! Nəvəynən danışmır eee, "Yeni Müsavat"a münasibət bildirir. "Hər hansı" nədir, "normal bir səbəb" nədi, "dəyərləndirərdim" nədi? Nəinki Markesin, latın amerikasının ən naşı yazıçısının da qəhrəmanı belə danışmaz. Hətta o qəhrəman Kolumbiyanın Sülhəddin Əkbəri olub, oranın məsələn, "Manzana" (ispanca "Alma") qəzetinə ABŞ qoşunlarının İraqa yeridilməsi ilə bağlı fikir bildirirsə belə…
   Yazının sonunda istedadına, intellektinə, çevirmənlik qabiliyyətinə qətiyyən şübhə etmədiyimiz Azad bəydən xahiş edərdim ki, dərginin hər sayında bizi bir hekayəyə bu qədər düzəliş etməyə məcbur eləməsin.
   
   Günel Mövlud

E-mənbə: http://almaqezeti.com/


 

 


Şərh yazın

 
  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha