«QIZIL KƏLMƏ ƏDƏBİ MÜKAFATI»NA DÖRD NOMİNASİYA ÜZRƏ ƏSƏRLƏRİN QƏBULU ELAN EDİLİR
Mədəniyyət və Turizm Nazirliyi yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin daha səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə «Qızıl Kəlmə Ədəbi Mükafatı» təsis edilmişdir.
«Qızıl Kəlmə Ədəbi Mükafatı»na aşağıdakı janrlarda yaradılmış və toplu halında çap edilmiş əsərlər təqdim oluna bilər:
bədii nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi); poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri); tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri; orijinaldan bədii tərcümə əsərləri.
Mükafat Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin xarici ölkə
vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər.
Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Mükafat bir şəxsə bir dəfə verilir.
Mükafat göstərilən nominasiyalar üzrə iki ildən bir hər biri 5000 (beş min) manat olmaqla may ayının 10-da təqdim edilir.
Mükafat döş nişanı, diplom və puldan ibarətdir.
Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra onları yaradıcılıq təşkilatları və əvvəllər bu mükafata layiq görülmüş şəxslər irəli sürə bilərlər.
Bir təşkilat, şəxs mükafata yalnız bir namizəd təqdim edə bilər.
Təqdimata aşağıdakı sənədlər əlavə edilməlidir: namizədin tərcümeyi-halı, anket sorğusu, fotoşəkli, nominasiya üzrə əsərləri, əgər varsa digər işlərin siyahısı, əsər barədə rəylər, nəşr edilən yazılar.
Sənədlər 2009-cu il martın 1-dək bu ünvana təqdim edilməlidir: Bakı şəh., AZ 1000, Hökumət Evi, 3-cü mərtəbə, 318-ci otaq. Tel: 493 06 80
GƏNC ƏDİBLƏR MƏKTƏBİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AzərTAc xəbər verir ki, iyulun 1-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Gənc Ədiblər Məktəbinin açılışı olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin himayəsi ilə yaradılan yeni təşkilata respublika Yazıçılar Birliyinin katibi, “525-cı qəzet”in baş redaktoru Rəşad Məcid başçılıq edir.
Kitabxananın nəzdində fəaliyyət göstərəcək məktəbin açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirmişdir ki, məktəbin yaradılması ideyası iki il əvvəl ortaya çıxmışdır. Yeni təhsil ocağı istedadları üzə çıxarmaq və onların inkişafını təşviq etmək məqsədi ilə yaradılmışdır. Sirr deyil ki, həm ölkəmizdə, həm də yaxın xaricdə ədibiyyatçılar öz auditoriyasını itirmişlər. Odur ki, məktəbin həm müəllimlərinin, həm də dinləyicilərinin strateji vəzifəsi oxucuların kitaba sevgisini bərpa etməkdir. Bu baxımdan, Mədəniyyət və Turizm Nazirliyi uzunmüddətli layihənin təkcə təşkilatçısı deyil, həm də onun dəstəklənməsinin təminatçısıdır.
R.Məcidin sözlərinə görə, məktəbin dinləyiciləri və tanınmış Azərbaycan yazıçıları (ədiblər, şairlər, dramaturqlar, tənqidçilər) ustad dərsləri keçmək üçün ayda bir dəfə toplaşacaqlar. Gənc ədiblərin üzləşdiyi çətinliklər, yaradıcılıq prosesində ortaya çıxan məsələlər məşğələlərin gedişində müzakirə olunacaqdır. Bir il müddətinə nəzərdə tutulan ustad dərslərinin sonunda ən yaxşı əsərlər ayrıca kitab kimi, eləcə də nəşr, poeziya və publisistika antologiyaları şəklində dərc ediləcəkdir. Dram əsərlərinə teatrlara tövsiyə olunmaq üçün Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində baxılacaqdır.
R.Məcid demişdir ki, məktəbin yaxın müddət üçün planına dinləyicilərin festivallarda iştirakı, televiziya kanallarında çıxışlar daxildir. Təhsil müddətinin sonunda məzunlara sertifikatlar veriləcəkdir. Gələcəkdə məktəbi yaradıcılıq universiteti səviyyəsinədək genişləndirmək nəzərdə tutulmuşdur.
LUVR MUZEYİNDƏ DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCAN BƏSTƏKARI QARA QARAYEVİN 90 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AzərTAc Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Qara Qarayevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, eləcə də nazirliklə Luvr Muzeyi arasında imzalanmış protokola əsasən, iyunun 25-də Luvr Muzeyinin əzəmətli “Auditorium” konsert salonunda dünya şöhrətli Azərbaycan bəstəkarının yaradıcılığına həsr olunmuş musiqi gecəsi keçirilmişdir.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda xanım Məmmədəliyevanın rəhbərliyi altında konsertdə iştirak etmək məqsədilə Azərbaycan Dövlət Simli alətlər kvarteti və bir neçə tanınmış musiqiçi Fransaya səfər etmişdir.
Konsertdən əvvəl Qara Qarayevin həyat və yaradıcılığına həsr edilmiş qısametrajlı film nümayiş etdirilmişdir.
Yubilyarın oğlu, bəstəkar Fərəc Qarayev tərəfindən tərtib edilmiş konsertin dirijoru Fəxrəddin Kərimov olmuşdur.
ALMANİYADA AZƏRAYCANIN MADDİ-MƏDƏNİYYƏT NÜMUNƏLƏRİNDƏN İBARƏT SƏRGİ AÇILACAQDIR
AzərTAc Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Almaniyada keçirilən Azərbaycan ili çərçivəsində avqustdan noyabradək Berlin Etnoqrafiya Muzeyində, noyabrdan 2009-cu ilin martınadək isə Drezden Etnoqrafiya Muzeyində Azərbaycanın maddi-mədəniyyət nümunələrindən ibarət sərgi açılacaqdır.
Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət İncəsənət Muzeyinin məsul işçiləri sərginin təşkili ilə əlaqədar Berlin şəhərinə ezam olunmuşlar.
Azərbaycanın tarixini, maddi-mədəni irsini ətraflı şəkildə alman tamaşacısına təqdim etmək məqsədilə Dövlət İncəsənət Muzeyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, “Şirvanşahlar Sarayı-kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir Şəhərinin tarixi Muzeylərindən eksponatlar seçiləcəkdir.
Milli Azərbaycan Tarixi Muzeyi, Nizami adına Ədəbiyyat Muzeyi, Məhəmməd Füzuli Əlyazmalar İnstitutu, Milli Arxiv İdarəsi və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından da materiallar toplanıb sərgidə nümayiş etdiriləcəkdir.
Beləliklə, təxminən bir il ərzində alman tamaşaçısının Azərbaycanın qədim mədəniyyəti ilə yaxından tanış olması üçün daha bir imkan yaranacaqdır.
AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİNİN YENİ NƏŞRİ-“TÜRK ƏSRİNİN TÜRKÜLƏRİ”
AzərTAc xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzi tanınmış şair Elxan Zal Qaraxanlının “Türk əsrinin türküləri” adlı yeni şeirlər kitabını nəşr etdirmişdir.
Kitabda müəllifin, əsasən, milli köklərdən qaynaqlanan və modern üslubda yazılmış şeirləri və poemaları toplanmışdır. Şairin ədəbi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış “Savaş əyələri” kitabındakı mövzular yeni nəşrdə daha da inkişaf etdirilmişdir.
Müəllifin ədəbiyyatımızda özünəməxsus yeri olduğunu vurğulayan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov kitaba ön sözündə yazır: “Elxan Zal Qaraxanlı bizim poeziyamıza saf, təmiz türkçülük mühitindən gəldi. Onun ən üstün cəhəti də o oldu ki, türklərin tarixini, mədəniyyətini, ən qədim zamanlardan bəri folklorunu, dil və obrazlar sistemini öyrənib, bunu poeziyanın əsaslarına hopdura bilib. O, qədim bir mədəniyyəti, onun söz xəzinəsini, çağdaş zamanın baxışlarıyla təzahür etdirib bugünkü oxucunun istifadəsinə verir. Elxan poeziyaya təxminən Oljas Suleymenovun üslubu ilə gəldi. Yəni, mənsub olduğu ədəbi düşüncənin, təfəkkürün tarixi qədimliyinə enə bilir, uzun illər ədəbiyyatımızda unudulmuş qədim türk xəzinəsinə yol tapır, onu bu günə gətirir. Onun intonasiyasında, dilində, ifadə-üslub texnologiyalarında çox-çox qədimlərdən gələn bir əhval-ruhiyyə ifadə olunur”.
“Türk əsrinin türküləri” müəllifin türkün cəng ruhunu vəsf edən üçüncü kitabıdır.


