Qazaxıstanın Almatı şəhərində 7-ci Avrasiya Media Forumu işə başlamışdır. Forumda dünyanın 50-dən çox ölkəsindən 450-dən artıq siyasətçi, beynəlxalq ekspert, politoloq, tanınmış jurnalist və yazıçı, həmçinin nüfuzlu beynəlxalq nəşrlərin baş redaktorları, o cümlədən BMT, NATO və ATƏT-in nümayəndələri iştirak edir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri (1977-1981), tanınmış siyasətçi Zbiqnev Bzejinski, ATƏT-in Baş katibi Mark Perrin Brişambo, NATO-nun nümayəndəsi Tuqay Tuncer və digər tanınmış şəxslər də nümayəndələr arasındadır.
Tədbirdə ölkəmizi səfir Lətif Qəndilov, Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzinin direktoru Elxan Nuriyev, Dövlət Teleqraf Agentliyinin (AzərTAc) əməkdaşı Nazim Xıdırov və “Trend” agentliyinin direktoru İlqar Hüseynov təmsil edirlər.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev, BMT Baş Məclisi 62-ci sessiyasının prezidenti Serjana Kərim və Media Forum Təşkilat Komitəsinin sədri Dariqa
Nazarbayeva iştirakçıları salamlamışdır.
Forumun ilk günü “Separatizmin gücləndirilməsi və özünütəyinetmə hüququ-Kosovo”, “Ötən il dünyada baş vermiş mühüm siyasi və iqtisadi hadisələr və KİV-lərin bu məsələlərə münasibəti”, “Ümumdünya maliyyə sisteminin qeyri-sabit dövrü” “Müasir dünyada “dondurulmuş münaqişələr”- demokratik təhlükəsizliyin ölçü prinsipləri” və digər mövzularda müzakirələr aparılmışdır.
Birinci məsələnin müzakirəsində Kosovo ilə yanaşı, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya problemləri diqqət mərkəzində olmuşdur. Sessiyada iştirak edən Elxan Nuriyev bildirmişdir ki, Kosovonun müstəqilliyinin tanınması Dağlıq Qarabağ üçün presedent ola bilməz, çünki bunlar ayrı-ayrı məsələlərdir. Hazırda Azərbaycan regionda ən güclü ölkələrdən biridir və ölkəmizin iqtisadiyyatı yüksələn xətlə inkişaf edir. Bu amil belə münaqişələrin həllində çox mühümdür.
Media forum işini davam etdirir.
Dünyanın ən məşhur televiziya şirkətlərindən olan Qətərin Əl-Cəzirə kanalı ötən əsrin əvvəllərində erməni quldur dəstələrinin türklərə və azərbaycanlılara qarşı törətdikləri soyqırımları haqqında sənədli film çəkəcəkdir.
Bunu azərbaycanlıların çoxluq təşkil etdiyi Türkiyənin İğdır vilayətinə gələn telekanalın Ankaradakı təmsilçisi Yusif Şərif bildirmişdir. O demişdir ki, çəkiliş qrupu həmin dəhşətli qətliamların şahidlərinin xatirələrini və sənədləri toplayacaqdır. Filmdə ermənilərin törətdikləri soyqırımın qurbanlarının xatirəsinə İğdırda ucaldılmış abidə də yer alacaqdır. Əsas çəkilişlər isə 97 türkün diri-diri yandırıldığı Oba kəndində aparılacaqdır.
Aprelin 24-də Bakı məktəblərinin 40 yuxarı sinif şagirdi və onların Los-Ancelesin Birmingem və Karson şəhərlərindən olan 35-ə yaxın yaşıdı “Cəmiyyətdə sülhün və tolerantlığın bərpa edilməsi” mövzusunda videokonfransda iştirak etmişlər.
Videokonfrans zamanı şagirdlər ölkələrimizin mədəniyyəti, tolerantlığı, musiqisi və digər mövzularda müzakirələr və fikir mübadiləsi aparmışlar.
Azərbaycanda hansı Qərb müğənnilərinin, bəstəkarlarının və musiqi qruplarının sevilməsi ilə bağlı ABŞ şagirdlərinin sualları bakılı şagirdlər tərəfindən həvəslə cavablandırılmışdır. Azərbaycan məktəblilərini amerikalı həmyaşıdlarının gündəlik həyat tərzi də çox maraqlandırmışdır. Şagirdlərin gündəlik məktəb həyatları, dostları, ailə üzvləri ilə münasibətləri və stilləri hər iki tərəf üçün hədsiz maraq doğurmuşdur. Məlumat mübadiləsi şagirdlərin qarşılıqlı surətdə ətraflı bilgilər əldə etmələrinə imkan vermişdir.
Los-Ancelesdə videokonfransa qatılan Tolerantlıq Muzeyinin direktoru xanım Liebe Geft tolerantlığın millətləri birləşdirən amil olduğunu və Azərbaycanda digər ölkələrə nümunə olan tolerantlığın mövcudluğunu xüsusi vurğulamışdır.
Sonda məktəblilər konfransın yekunları əsasında hazırlanmış sülh bəyannaməsinin mətnini müzakirə etmişlər.
Təqribən 2 saata yaxın davam edən videokonfrans Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ölkəmizin Los-Ancelesdəki baş konsulluğu və ABŞ Tolerantlıq Muzeyi tərəfindən təşkil olunmuşdur.
A.Şaiq adına Azərbacan Dövlət Kukla Teatrının kollektivi “Düyməcik“ tamaşasını təqdim etmişdir.
Körpələr tərəfindən maraqla qarşılanan tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Lətifə Quluzadədir.
Tamaşada rolları Rəhman Rəhmanov, Tamilla Bünyatova, Mansur Mansurov, Lalə Məmmədova, Hökumə Əbdülrəhimova, Elmira Hüseynova, İqbal Əliyev və başqaları oynamışlar.
Tamaşa aprelin 27-də yenidən balaca tamaşaçılara təqdim olunacaqdır.
Bu, “Çippolinonun macəraları” tamaşasıdır. Tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Rəvanə Abbasovadır.
Teatrın direktoru Rəhman Quliyev AzərTAc-a bildirmişdir ki, Çippolino obrazı balacalara həyatdakı sosial anlayışları başa salmaqla yanaşı, həm də döyüşkən ruh, mübarizə əzmi aşılayacaqdır.
Tamaşada rolları Rəhman Rəhmanov, Tamilla Bünyatova, Mansur Mansurov, Lalə Məmmədova, Hökumə Əbdülrəhimova, Elmira Hüseynova, İqbal Əliyev və başqaları ifa edəcəklər.
Tamaşa iyunun əvvəllərində təqdim olunacaqdır.


