Reklam verin!

www.Art-İnfo

Dünya Kulturoloji məkanının maraqlı xəbərləri

 

İlyas Əfəndiyev Fondunun 2007-ci ildə gördüyü işlər

 

Bu il görkəmli xalq yazıçısı İlyas Əfəndiyevin nəfis tərtibatla “Sən həmişə bizimləsən” adlı xatirə lövhəsi hazırlanmışdır. Lövhədə ədibin həyat və yaradıcılığı ilə yanaşı, müxtəlif dövrləri əks etdirən fotoları, görkəmli şair, yazıçılar və dövlət xadimlərinin onun haqqında dedikləri fikirlər də əks etdirilmişdir.
Fond İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında yazılmış kitabı nəşrə hazırlamışdır və yaxın gələcəkdə onun nəşrini həyata keçirəcəkdir.
Fond tərəfindən İlyas Əfəndiyevin 7 cildlik seçilmiş əsərlərindən ibarət eletron kitabı hazırlanmışdır. Elektron kitabda yazıçının rus və digər dillərə tərcümə olunmuş əsərləri də yer almışdır.

Məlumdur ki, İlyas Əfəndiyevin əsərləri bir çox xarici dilə tərcümə olunmuşdur.  Bununla bağlı yazıçının əsərlərini tərcümə etmiş şəxslərin bir neçəsi ilə əlaqə qurmaq mümkün olmuşdur.
Bununla belə, Fondda İlyas Əfəndiyevin tərcümə olunmamış əsərlərini xaricdə tərcümə etdirmək və “Hökmdar və qızı” əsərinin xarici teatrlarda səhnəlşdirilməsi ilə bağlı müəyyən danışıqlar aparılmışdır.
İlyas Əfəndiyevin yaradıçılığını gənclər arasında daha güclü təbliğ etmək məqsədilə Fond “İlyas Əfəndiyev təqaüdü” təsis etmişdir. Təqaüd ildə bir dəfə yazıçının ad günü ərəfəsində İlyas Əfəndiyevin adını daşıyan Elitar Gimnaziyanın təhsildə fərqlənən şagirdlərinə təqdim olunacaq.
Oktyabr ayında Fondun Skandinaviya və Baltikyanı ölkələr üzrə Finlandiya Respublikasının paytaxtı Helsinki şəhərində nümayəndəsi təyin edilmişdir. Nümayəndə vasitəsi ilə Fond İlyas Əfəndiyev yaradıcılığını Skandinaviya və Baltikyani ölkələrdə təbliğ etmək, yazıçının nəşr olunmamış əsərlərini tərcümə edib nəşr etdirmək və  əsərlərini səhnələşdirmək niyyətindədir.
İlyas Əfəndiyevə həsr olunmuş sayt xeyli zənginləşdirilmiş, saytın ingilis versiyası yaradılmışdır. Sayt vasitəsilə İlyas Əfəndiyevin həyat və yaradıcılığı, Fondun bütün fəaliyyəti, həyata keçirdiyi layihələr və tədbirlər həm Azərbaycan, həm də ingilis dilli oxucular üçün yeni bir töhfə olmuşdur.
Fonda 150-dən çox üzv qəbul edilmişdir. Onların sırasında görkəmli dövlət və ictimai xadimlər, millət vəkilləri, akademiklər, şair və yazıçılar, sənət adamları, bəstəkarlar, universitet rektorları, KİV rəhbərləri də vardır. Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov isə Fondun fəxri üzvü seçilmişdir.
Fond öz xeyriyyəçilik fəaliyyətinə uşaq evlərinin maddi-texniki bazasının yaxşılaşdırılması ilə başlamışdır. Bununla bağlı Lökbatan qəsəbəsi 39 saylı Kardio-Revmotoloji Uşaq Evinin maddi-texniki bazasının durumu ilə tanış olan Fond, oraya mütəmadi yardımlar göstərir, bayram və digər əlamətdar günlərdə uşaq evində tərbiyə alan uşaqlara lazım olan əşya, avadanlıq və bayram sovqatı bəxş edir. Fond uşaqlar üçün istirahət güşəsi yaratmaq məqsədilə uşaq evinə məxsus həyətyanı sahəni təmir edərək uşaqların istifadəsinə vermişdir.
Bununla belə İlyas Əfəndiyev Fondu ehtiyacı olan ailələrə də yardım göstərmişdir. Belə ki, Fonda daxil olan müraciətlər əsasında, Fond 4 xəstə uşağın tibbi müayinə və müəlicəsi üçün köməkilik göstərmişdir.
Fond ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti sahələrinə göstərdiyi qayğı və bu barədə söylədiyi nitqlər və fikirləri  əhatə edən III cildlik kitabın nəşrini çapa hazırlamışdır.
Bundan başqa Azərbaycan klassiklərinin, dramaturqlarının, elm xadimlərinin nəşr edilməmiş əsərlərini nəşri planlaşdırılmışdır.

İCTİMAİ ƏLAQƏLƏR

İlyas Əfəndiyev Fondu ölkənin ictimai həyatında yaxından iştirak edir və dövlət qurumları, qeyri-hökumət və digər təşkilatlarla əlaqələr qurur, onlarla əməkdaşlıq edir. Bununla belə, İlyas Əfəndiyev Fondu Milli QHT Forumun bir üzvü kimi QHT-lərlə bağlı bir neçə müzakirələrdə iştirak etmişdir.
Fond QHT-lərin problemləri, fəaliyyəti və perspektivləri, o cümlədən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixdə imzaladığı “Azərbaycan  Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamı ilə əlaqədar keçirilən müxtəlif tədbirlər, müzakirələr, seminarlar və simpoziumlarda iştirak etmişdir. Həmin tədbirlərdə müzakirə mövzusu olan məsələlər barəsində İlyas Əfəndiyev Fondunun rəsmi mövqeyi bildirilmişdir.
Bununla yanaşı, vətəndaş cəmiyyətinin formalaşması, demokratiya sahəsində islahatlar və digər məsələlərlə bağlı Fond mətbuatda çıxış etmiş, müxtəlif məqalələr dərc etdirmişdir.
Fond ictimai infrastruktur, vətəndaş cəmiyyəti, demokratiya və bu kimi digər mövzularla bağlı layihələr işləmişdir və onları gerçəkləşdirmək üçün müvafiq işlər aparmışdır.
Fond tərəfindən hazırlanmış layihələrin mövzuları ilə bağlı SPACE Müstəqil Teleradio Şirkətinin yayımladığı “Gəlin danışaq”, ANS Müstəqil Yayım və Media Şirkətinin yayımladığı “Xilas et” verilişlərində iştirakı, UNİCEF-in dəstəyi və The Other Space Foundation və Polşa Respublikası Xarici İşlər Nazirliyinin maddi dəstəyi ilə “Azərbaycanda himayədar ailə hərəkatının təbliğ olunması. Dövlət himayəsində olan uşaqlarda müstəqil həyat bacarıqlarının inkişaf etdirilməsi” seminarında iştirakı göstərmək olar.

BEYNƏLXALQ ƏLAQƏLƏR

Fond həm Azərbaycanda, həm xarici ölkələrdə fəaliyyət göstərən Beynəlxalq təşkilatlarla, QHT və dövlət qurumları ilə əməkdaşlıq etməyə davam etdirmiş və bu istiqamətdə fəaliyyətini genişləndirmişdir.
Azərbaycanda təmsil olunan xarici təşkilatlardan ABŞ-ın Dövlət Departamentinin nümayəndəliyi UMCOR, Save the Children, Avrasiya Əməkdaşlıq Fondu, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, UNİCEF, UNESCO, SOS Uşaq Kəndləri, Dünya Bankı, Norveç Humanitar Müəssisəsi, ACCELS, Counter Part İnternational adlarını qeyd etmək olar.
Azərbaycan mədəniyyətini, incəsənətini, ədəbiyyatını, tarixini, bugünkü Azərbaycan gerçəkliklərini təbliğ etmək, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etmək, dünya ictimaiyyətinin gözündə xalqımızın imicini artırmaq Fondun əsas fəaliyyət prinsiplərindən biridir. Fondun bir sıra səfirliklər, o cümlədən ölkəmizdəki Yaponiya səfirliyi ilə müəyyən əməkdaşlıq münasibətləri yaranmışdır. Bu əməkdaşlıq münasibətlərini Fondun nəzdində yaradılmış “Tomodaçi” Mərkəzi tərəfindən həyata keçirilir. Mərkəzin əsas məqsədi xalqlarımız arasında dostluq əlaqələri yaratmaq, ölkələrimiz arasında mədəni əməkdaşlığı genişləndirmək, Yaponiyaya olan marağı artırmaq və əksinə yaponların Azərbaycana olan marağına müsbət cavab verməyi təmin etməkdir.
İlyas Əfəndiyev Fondu humanitar və sosial sahənin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq təşəbbüsü ilə Özbəkistan Respublikasında fəaliyyət göstərən “Özbəkistan Mədəniyyəti və İncəsənəti Forumu” Fondu və Ukrayna Respublikasında fəaliyyət göstərən “Ukrayna 3000” Beynəlxalq Xeyriyyə Fondu ilə əməkdaşlıq barəsində razılıq əldə olunmuş, bununla bağlı təkliflər planı hazırlanmışdır.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 400-dən artıq QHT ilə əlaqə quran Fond, onlardan QHT-lərin problemlərinin müzakirəsi ilə əlaqədar Azərbaycanda ilk dəfə QHT-lərin Beynəlxalq Forumunun keçirilməsi təklifini almışdır. Fondda bunula bağlı layihə hazırlanmışdır.
Fondun səmərəli fəaliyyəti nəticəsində İlyas Əfəndiyev Fondu CRİN (Children Rights İnternational Network) Beynəlxalq təşkilatının və WANGO (World Assosiation of Non-Governmental Organizations) Beynəlxalq təşkilatlarına üzv seçilmişdir.
İlyas Əfəndiyev Fondu müxtəlif beynəlxalq statuslu tədbirlərin və layihələrin keçirilməsi təşəbbüsü ilə çıxış edərək, Asiya-Avropa Fondu ilə əməkdaşlıq etməyə planlaşdırmışdır.

LAYİHƏLƏR

1.  ”Küçələrdən ailələrə” - Kimsəsiz uşaq və yeniyetmələr üzrə mərkəzi (Bakı) və regional (Gəncə, Lənkəran, Şəki, Quba) hüquq-informasiya, təlim-konsaltinq və uşaq-hüquq maarifçiliyi qərargah-mərkəzlərinin yaradılması layihəsi
Layihənin məqsədi küçələrdə tüfeyli həyat sürən, internat, uşaq evləri və digər saxlanma məntəqələrində saxlanılan kimsəsiz uşaq və yeniyetmələr haqqında operativ məlumatı toplayaraq onların sağlam təminatlı ailələrə yerləşdirilməsində vasitəçilik etmək, onlarda kimsəsizlik və inamsızlıq psixoloji sindromunu aradan qaldırmaq, onları ata-ana qayğısı və nəvazişi ilə əhatə etmək, cəmiyyət üçün normal, psixoloji sağlam, ailə mühitində formalaşan vətəndaş-şəxsiyyətin yetişdirilməsi üçün ilkin imkanlar yaratmaq, valideynləri uşaqla davranış qaydaları sahəsində maarifləndirmək, onlarda uşağa məsuliyyət hissini artırmaq, gənclik dövrünə çatmış bu uşaqların gələcək həyat və faydalı əmək fəaliyyətini planlaşdıraraq ilkin yardım göstərməkdir, cəmiyyətin və ictimaiyyətin diqqətinin bir daha kimsəsiz uşaqların probleminə cəlb etməkdir.

2.  “Müasir Beynəlxalq Kompleks”in yaradılması layihəsi.
Layihənin məqsədi Kompleksdə təşkil olunan tədbirlər, konfranslar, seminar və simpoziumlar, trening vasitəsilə müxtəlif xalqların və dinlərin nümayəndələri arasında mədəniyyət mübadiləsini həyata keçirmək, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün düşərqə tipli mərkəz təşkil etməkdir.

3. “Kimsəsiz uşaq və yeniyetmələr üçün hüquq-informasiya, uşaq-hüquq maarifçiliyi sahəsində fərdi və birgə tədqiqatların aparılması” layihəsi.
Layihənin məqsədi küçələrdə tüfeyli həyat sürən, internat, uşaq evləri və digər saxlanma məntəqələrində saxlanılan kimsəsiz uşaq və yeniyetmələr haqqında operativ məlumatı toplayaraq onları təhlil etmək, internat məktəblərindəki vəziyyətlə yaxından tanış olmaq, cəmiyyət üçün normal, psixoloji sağlam, vətəndaş-şəxsiyyətin yetişdirilməsi üçün ilkin imkanlar yaratmaq, cəmiyyətin və ictimaiyyətin diqqətini bir daha kimsəsiz uşaqların problemlərinə cəlb etməkdir.

4. “Narkotiklərə stop”- gənc və yeniyetmələrin narkomaniya, narkobiznes və onların törətdiyi fəsadlar barədə təlim-tərbiyəsi və maarifləndirilməsi layihəsi.
Layihənin məqsədi maarifləndirmə və məlumat mübadiləsi vasitəsilə uşaq və yeniyetmələr, məktəbli və tələbələrə narkomaniya, narkobiznes və onların törətdiyi fəsadlar barədə ətraflı məlumat vermək, onları bu sahədə maarifləndirmək, onlarla daima ünsiyyətdə olan valideynlər, tərbiyəçilər və pedaqoq-müəllimlərin bu məlumatlarla çap və metodik vəsaitlərlə təmin etmək və qanunla qadağan edilməyən problemlə bağlı müxtəlif təbliğat fəaliyyətini həyata keçirməkdir.

5. Valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqlara həsr olunmuş “Gəlin uşaqları xilas edək” adlı mahnı-klip layihəsi.
Layihənin məqsədi küçələrdə tüfeyli həyat sürən, internat, uşaq evləri və digər saxlanma məntəqələrində yaşayan kimsəsiz uşaq və yeniyetmələrin həyatlarını əks etdirən məqamlarla bağlı şüar tipli mahnı bəstələyib, onu təbliğ etməklə ictimaiyyətin diqqətini uşaq problemlərinə yönəltməkdən ibarətdir.

6. Kimsəsiz və valideyn himayəsindən məhrum olan yeniyetmələr üçün hüquq-məsləhət və hüquq-informasiya mərkəzinin yaradılması. 
Layihənin məqsədi internat və uşaq evlərində yaşayan valideyn himayəsindən məhrum olan yeniyetmələr haqqında operativ məlumatı toplayaraq onları təhlil etmək, internat məktəblərindəki vəziyyətlə yaxından tanış olmaq, cəmiyyət üçün normal, psixoloji sağlam, vətəndaş-şəxsiyyətin yetişdirilməsi üçün ilkin imkanlar yaratmaq, gənclik dövrünə çatmış bu uşaqların gələcək həyat və faydalı əmək fəaliyyətini planlaşdıraraq ilkin yardım göstərmək, cəmiyyətin və ictimaiyyətin diqqətini bir daha yeniyetmələrin problemlərinə cəlb etməkdir.

7. “Dünyada QHT sektorunun fəaliyyəti: problemlər və perspektivlər” mövzusunda QHT -lərin Beynəlxalq Forumu layihəsi
Beynəlxalq Forumun məqsədi dünyada humanitar sahədə fəaliyyət göstərən QHT-ləri bir araya gətirərək, öz fəaliyyəti və nailiyyətləri barəsində fikir və təcrübə mübadiləsini həyata keçirmək, onlar arasında əməkdaşlığa təkan verərək, birgə əməkdaşlıq konsepsiyasını qəbul etməkdir. Forum çərçivəsində keçiriləcək görüşlər, konfranslar və digər tədbirlər zamanı QHT-lərlə bağlı hazırkı vəziyyət analiz edilərək QHT-lər arasında informasiya şəbəkəsinin yaradılması üsulları, səmərəli fəaliyyət, layihələrdə birgə iştirak, beynəlxalq humanitar yardım proqramında iştirak meyarlarının və digər fəaliyyət sahələrinin müzakirəsi nəzərdə tutulmuşdur. Təmsil olunan ölkələrdə vətəndaş cəmiyyətinin vəziyyəti və bu istiqamətdə aparılan işlərin müzakirəsi və təhlili də Beynəlxalq Forumun məqsədlərindəndir.

“İLYAS ƏFƏNDİYEV BEYNƏLXALQ MÜKAFATI”

Fondun qarşısında duran əsas vəzifələrdən biri də “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı 2006”nı laureatlara təqdim edilməsi olmuşdur.
2006-cı ilin yekunlarına əsasən İlyas Əfəndiyev Mükafatına “Maarifin və mədəniyyətin tərəqqisində göstərdiyi xidmətlərə” Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı Səfiri, millət vəkili Mehriban xanım Əliyeva, “Azərbaycan həqiqətlərini düzgün qiymətləndirən və təbliğ edən xarici vətəndaşın göstərdiyi xidmətlərə görə” Litva Respublikasının Prezidenti cənab Valdas Adamkus və “Azərbaycan mədəniyyətinin, incəsənətinin və tarixinin xaricdə təbliğinə görə” Macarıstanın “Duna TV” Teleşirkətinin prezidenti cənab Laslo Çelenyi layiq görülmüşdür.
Bununla bağlı mart ayının əvvəllərində Litva Respublikasının Prezidentinin müşaviri Qalina Kobetskayte Fondda qonaq olmuşdur. Fondunun rəhbərliyi ilə  görüşmüş xanım Kobtskayte, “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı”nın Litva Respublikasının prezidenti cənab Valdas Adamkusa təqdim edilməsi məsələsi barəsində müzakirələr keçirmişdir.
 “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı 2007”nin laureatlarını təyin etmək üçün oktyabr ayında Mükafat Komissiyasının ilk iclası keçirilmişdir. İclasda komissiyanın tərkibi müəyyən edilmiş, sədri seçilmiş və nominasiyalar təsdiq  edilmişdir.                          
Mükafat Komissiyasının yekun iclasının gündəmində duran məsələ isə  “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı 2007”nin laureatlarını “Sülh və demokratiyanın inkişafında göstərdiyi böyük xidmətlərə görə”, “Xeyriyyəçilik sahəsində göstərdiyi xidmətlərə görə”, “Elmin inkişafında göstərdiyi xidmətlərə görə”, “Maarifin tərəqqisində göstərdiyi xidmətlərə görə”, “Azərbaycan ədəbiyyatının təbliğində göstərdiyi xidmətlərə görə”, “Mədəniyyətin və incəsənətin inkişafında göstərdiyi xidmətlərə görə” nominasiyaları üzrə təyin etmək olmuşdur.
Beləliklə, “Sülh və demokratiyanın inkişafında göstərdiyi böyük xidmətlərə görə” nominasiyası üzrə Finlandiya Respublikasının prezidenti xanım Tarya Kaarina Halonen, “Xeyriyyəçilik sahəsində göstərdiyi xidmətlərə görə” nominasiyası üzrə Norveçin Tac Şahzadəsi Əlahəzrət Haakon Magnus, “Elmin inkişafında göstərdiyi xidmətlərə görə” nominasiyası üzrə ABŞ-ın Soft Computing İnstitutunun direktoru, professor Lütfi Zadə, “Maarifin tərəqqisində göstərdiyi xidmətlərə görə” nominasiyası üzrə Moskva Humanitar Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor İqor İlyinski, “Azərbaycan ədəbiyyatının təbliğində göstərdiyi xidmətlərə görə” nominasiyası üzrə Ukrayna Milli Yazıçılar Birliyinin üzvü, tərcüməçi Valentin Tsipko “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı 2007”-nin laureatları kimi müəyyən edilmişdir.


TƏDBİRLƏR

1.  3 mart “Hina Matsuri” Yapon Milli Gəlinciklər bayramı.
Bu münasibətlə Fond Respublikamızın görkəmli incəsənət xadimləri, ölkəmizdəki Yaponiya səfirliyinin nümayəndələri, BDU-nun, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı ilə sərgi təşkil etmişdir.

2. 7 aprel dahi yapon rejissoru Akira Kurosavanın həyat və yaradıcılığına həsr olunmuş bədii gecə
Müasir İncəsənət Mərkəzində böyük şəxsiyyət, dünya şöhrətli yapon rejissoru, prodüser və ssenaristi Akira Kurosavanın həyat və daha çox onun yaradıcılığına həsr olunmuş bədii gecə təşkil etmişdir. Tədbirə dəvət olunan görkəmli sənətkarlar, ictimai, elm və mədəniyyət xadimləri, xarici vətəndaşlar tədbiri çox həssaslıqla qarşıladı və bu cür tədbirlərin davamlı olması üçün əllərindən gələni edəcəklərini bildirdilər. Tədbirdə Akira Kurosava haqqında ətraflı məlumat verildi. Tədbir Akira Kurosavanın “Raşomon” filminin nümayişi ilə sona çatdı.

3. “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı”nın Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri, millət vəkili Meriban xanım Əliyevaya təqdim edilməsi.
May ayında Mehriban xanım Əliyevanın layiq görüldüyü “İlyas Əfəndiyev Benəlxalq Mükafatı” Heydər Əliyev Fondunda təqdim edimişdir.

4. “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı”nın Macarıstanın “Duna TV” Teleşirkətinin prezidenti Laslo Çelenyiyə təqdim edilməsi.
Mayın 22-də Macarıstan Respublikasında Budapeştin mədəniyyət mərkəzlərindən biri olan “Urania”-da «İlyas Əfəndiyev Mükafatı»nın təqdimat mərasimi keçirilmişdir. “Azərbaycan mədəniyyətinin və incəsənətinin xaricdə təbliğinə görə” nominasiyası üzrə Macarıstan Respublikası “Duna TV”-nin prezidenti cənab Laslo Çelenyi «İlyas Əfəndiyev Mükafatı» ilə təltif edilmişdir.
Tədbirdə Fondun rəhbəri laureatı təbrik edərək, müxtəlif istiqamətlərdə inkişaf edən Azərbaycan-Macarıstan əlaqələrinin perspektivləri haqqında danışmışdır. Cənab Laslo Çelenyi isə öz növbəsində Fondun rəhbərliyi və Mükafat Komissiyasının üzvlərinə təşəkkürünü bildirdi və qeyd etdi ki, “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı” xalqlarımız arasında dostluq və qardaşlığın, mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsində böyük rol oynayacaq, qarşılıqlı hörmət və əməkdaşlıq çərçivəsində inkişaf etməsinə daha geniş imkanlar yaradacaqdır. 

5. “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı”nın Litva Respublikasının prezidenti cənab Valdas Adamkusa təqdim edilməsi.
2007-ci il 18 iyun tarixdə Bakıda səfərdə olan Litva Respublikasının Prezidenti cənab Valdas Adamkus Hyatt Park otelində İlyas Əfəndiyev Fondunun Prezidentini qəbul etmiş və mükafatın təqdimetmə mərasimi keçirilmişdir. Litva Respublikasının Prezidenti cənab Valdas Adamkus bu cür diqqət və lütfkarlığa görə Fondun rəhbərliyinə və Mükafat Komissiyasının üzvlərinə öz təşəkkürünü bildirdi və bu kimi hadisələrin xalqlararası, ələlxüsus da Azərbaycan və Litva xalqlarının arasında həm tarixi, həm dostluq əlaqələrinin möhkəmləndirilməsi, digər tərəfdən siyasi, iqtisadi və digər sahələrdə dövlətlərarası əməkdaşlığa yeni imkanlar yaradacağını vurğuladı.

6. İlyas Əfəndiyevin vəfatının 11-ci il dönəminə həsr olunmuş anım mərasimi.
3 oktyabr 2007-ci il tarixdə xalq yazıçısı İlyas Əfəndiyevin vəfatının 11-ci il dönəmi münasibətilə İlyas Əfəndiyevin adını daşıyan Elitar Gimnaziyada təşkil olunmuş xatirə gecəsində İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondu tərəfindən hazırlanmış “Sən həmişə bizimləsən” adlı xatirə lövhəsinin rəsmi açılışı olmuşdur. Tədbirdə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva yazıçı haqqında öz xatirələri ilə bölüşdü, görkəmli alim, İlyas Əfəndiyev yaradıcılığının tədqiqatçısı Əmin Əfəndiyev isə yazıçının həyat və yaradıcılığından bəhs etdi. İlyas Əfəndiyevin səhnələşdirilmiş əksər əsərlərində baş rolun ifaçısı, Respublikanın xalq artisti Bəsti Cəfərova çıxışından sonra yazıçının “Xurşidbanu Natavan” əsərindən monoloq söylədi. Akademik Milli Dram Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov və xalq artisti Həmidə Ömərova İlyas Əfəndiyev haqqında danışarkən gənclərimizin məhz İlyas Əfəndiyev əsərləri ilə tərbiyə olunmasının vacibliyini vurğuladılar. Tədbirdə İlyas Əfəndiyevin ən çox sevdiyi mahnı ilə çıxış edən respublikanın xalq artisti Qəndab Quliyeva tədbirə xüsusi əhval-ruhiyyə gətirdi. Daha sonra İlyas Əfəndiyevin Azərbaycanın bədii təfəkkürünün və milli teatrının inkişafında xüsusi rolu haqqında məlumat verən qonaqların çıxışları tədbirdə iştirak edən Elitar Gimnaziyanın şagirdləri tərəfindən maraqla qarşılammışdır. Sonda Fondun adından yazıçıya göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkür bildirdi.
İlyas Əfəndiyev Fondu tərəfindən keçirilən mərasimdən sonra toplaşan qonaqlar, gimnaziyanın müəllimləri, şagirdləri və Fondun əməkdaşları İlyas Əfəndiyevin məzarını ziyarət etmişdir.

7. Ramazan bayramına həsr olunmuş “Xeyriyyə konserti”.
İlyas Əfəndiyev Fondu oktyabr ayının 10-da Tədris Teatrında Ramazan bayramı münasibətilə valideyn himayəsindən məhrum olan və hemofiliyalı xəstə uşaqlar üçün xeyriyyə konserti təşkil etmişdir.
Konsertdə Bakıda və Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən uşaq evlərinin yeniyetmə və tərbiyəçiləri, hemofiliyalı xəstə uşaqlar, universitet tələbələri, müəllimlər, alimlər, millət vəkilləri, adlı-sanlı sənət adamları, şair və yazıçılar, KİV və QHT nümayəndələri, Bakıda fəaliyyət göstərən bir neçə səfirlik nümayəndələri, uşaq problemləri ilə məşğul olan təşkilatlar, tədbirə dəstək olan sponsor təşkilatlar iştirak etmişdir. Tədbiri açıq elan edən Fondun əməkdaşları, İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondundan, Ramazan ayının hikmətlərindən və uşaqlarla bağlı Fondun layihələrindən bəhs etdilər. Tədbirdə Fondun prezidenti Tural Əfəndiyev, Fondun üzvlərindən “Azərbaycan qəzeti” Mədəniyyət şöbəsinin müdiri Flora Xəlilzadə, tanınmış şair Ramiz Heydər uşaq evlərinin direktorları çıxış etdi, orada təhsil alan uşaqlar şerlər söylədi, sponsorlar çıxış etdi.
Tədbirdə iştirak edən uşaq evləri və hemofiliyalı xəstə uşaqlara həm İlyas Əfəndiyev Fondu tərəfindən, həm tədbirə xüsusi dəstək olan ABŞ-ın Dövlət Departamentinin UMCOR təşkilatı, həm də sponsorlar tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Tədbirin sonunda uşaqların bir qədər də əhval ruhiyyəsini yüksəltmək üçün uşaqlara şən klounların iştirakı ilə kiçik ziyafət verildi. Konsertdə Əhmədli qəsəbəsi 3 saylı Uşaq Evi, Mərdəkan qəsəbəsi 2 saylı İnternat Məktəbi, Maştağa qəsəbəsi 1 saylı xüsusi internat məktəbi,  Lökbatan qəsəbəsi 39 saylı Kardio-Revmotoloji Uşaq Sanatoriyası, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası iştirak edirdilər.
Konsertdə Respublikanın xalq artisti Qəndab Quliyeva, Respublikanın əməkdar artisti Tünzalə Ağayeva, tanınmış müğənni Lalə Məmmədova, populyar müğənni İlqar Xəyal çıxış etdilər.

8.“1 Dekabr Beynəlxalq QİÇS-lə mübarizə günü”nə həsr olunmuş maarifləndirmə tipli treninqlər.
Bu günlə əlaqədar olaraq Fond SOS Uşaq Kəndləri və 3 saylı “GÜNƏŞ” Uşaq Evində olaraq, yeniyetmələr arasında maarifləndirmə işini aparmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi QİÇS Mübarizə Mərkəzinin mütəxəssisi maarifləndirmə işində Fonda dəstək olmuş və yeniyetmələri maraqlandıran sualları cavablandırmışdır. Treninqdə iştirak edən yeniyetmələr fəallıqlarına görə Fondun Sertifikatına layiq görülmüşlər.

19 dekabr 2007-ci il

 


Şərh yazın

 
  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha